Əsası Şuşa şəhərində 1907-ci ildə qoyulmuş gimnaziyanın bazasında yaradılan və 1920 (bəzi mənbələrdə 1922)-ci ildən fəaliyyət göstərən, 1931-ci ilədək müəllimlər seminariyası, sonralar pedaqoji texnikum (məktəb), Mədəni-Maarif Texnikumu adlanan Şuşa Humanitar Kollecinin 2027-ci ildə 105 yaşı tamam olur.
Qeyd edək ki, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbin 85 illik yubileyi böyük təntənə ilə keçirilmişdir.
105 il ərzində texnikuma respublikamızda yaxşı tanınan ziyalılar - Müseyib İlyasov, Məlik Hüseynov, xalq yazıçısı Süleyman Rəhimov, Çərkəz Səfixanov, Murad Quliyev, Şəmsiyyə Məmmədova, Dadaş Dadaşov, Cavanşir Əbilov, Sərhəd Bünyadov, Rəsul Quliyev, Rasim Mehdiyev rəhbərlik etmişlər.
Xalq yazıçısı Əli Vəliyev, xalq artistləri Süleyman Ələsgərov, Əşrəf Abbasov, fizika-riyaziyyat elmləri doktorları Lətif İmanov, Lətif Rüstəmov, fəlsəfə elmləri doktoru Aydın Hacıyev, kimya-biologiya elmləri doktoru Maya Hacıyeva, filologiya elmləri doktoru Kamal Qəhrəmanov, texnika elmləri doktoru Validə Yusifova, əməkdar müəllimlər Yusif Məmmədov, Heydər Tağıyev, İbrahim Zülfüqarov, şair-publisist Şahmar Əkbərzadə, müğənni Qaraxan Behbudov və başqaları vaxtilə Şuşa Pedaqoji Məktəbini bitirmişlər.
Tarixi inkişaf yolu ərzində təhsil müəssisəsi müxtəlif dövrlərdə fərqli adlarla fəaliyyət göstərmişdir. Bundan əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olan müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 16 iyun 2010-cu ildən Şuşa Humanitar Kolleci adlandırılmışdır.
Eyni zamanda, əvvəlki adı Şuşa Musiqi Texnikumu, daha sonra isə Şuşa Musiqi Kolleci olan təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şuşa Humanitar Kollecinə qoşulmuşdur.
Bu gün Şuşa Humanitar Kolleci öz zəngin tarixi və mədəni irsinə sadiq qalaraq müasir təhsil yanaşmalarını tətbiq edən, peşəkar və yaradıcı mütəxəssislərin hazırlanmasına xidmət edən müasir təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Hal-hazırda Şuşa Humanitar Kollecinə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova rəhbərlik edir. Onun rəhbərliyi ilə kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil prosesində müasir yanaşmaların tətbiqi, tələbələrin yaradıcı və peşəkar potensialının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.
Kollecin əsas prioritetlərindən biri zəngin tarixi və mədəni irsi qorumaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən, peşəkar bilik və bacarıqlara malik, milli-mənəvi dəyərlərə bağlı və sosial məsuliyyətli gənclərin yetişdirilməsidir.
2026/2027-ci tədris ilində Şuşa Humanitar Kollecində 6 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir:
Şuşa Humanitar Kolleci əsrlərlə formalaşmış təhsil, mədəniyyət və incəsənət ənənələrini yaşadaraq gələcəyin peşəkar, savadlı və yaradıcı gənclərinin yetişdirilməsinə xidmət edir. Tarixi köklərindən güc alan kollec, bu gün də öz missiyasına sadiq qalaraq milli mədəni irsin qorunmasına və yeni nəslin formalaşdırılmasına töhfə verməyə davam edir.