Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Şuşa Humanitar Kollecində 2025/2026-cı Tədris İlinin Məzun Günü Təntənəli Şəkildə Qeyd Olundu.

Şuşa Humanitar Kollecində 2025/2026-cı Tədris İlinin Məzun Günü Təntənəli Şəkildə Qeyd Olundu

Şuşa Humanitar Kollecində 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun Günü” tədbiri təntənəli şəkildə keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllim və inzibati heyəti, tələbələr və qonaqlar iştirak etdilər.

Tədbir Şuşa Humanitar Kollecinin xor kollektivinin Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməsi ilə başladı. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbiri giriş sözü ilə açan Şuşa Humanitar Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı. Direktor çıxışında təhsilin insan həyatındakı rolundan, gənclərin peşəkar və vətəndaş kimi formalaşmasında kollecin əhəmiyyətindən bəhs etdi, məzunların qazandıqları bilik və bacarıqların gələcək uğurlarının əsasını təşkil edəcəyini vurğuladı.

Tədbir çərçivəsində kollecin şöbə müdirləri çıxış edərək məzunlara öz ürək sözlərini çatdırdılar, onlara gələcək həyat yollarında uğurlar arzuladılar və kollecdə keçirdikləri illərin hər bir məzunun həyatında dəyərli xatirə kimi qalacağını qeyd etdilər.

Rəsmi hissənin ardından tədbirin bədii hissəsinə keçid alındı. Məzun tələbələr tərəfindən hazırlanan müxtəlif kompozisiyalar təqdim olundu. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışlar məzunların yaradıcılıq potensialını və kollecdə qazandıqları bacarıqları nümayiş etdirdi.

Bədii proqram çərçivəsində musiqi nömrələri, rəqs çıxışları və digər səhnə nümunələri təqdim edildi. İfaçıların çıxışları tədbirə xüsusi rəng qataraq iştirakçılara xoş anlar yaşatdı. Tədbir boyunca məzunların sevinc və qürur hissləri, müəllimlərin isə onlara olan xoş arzuları tədbirin ümumi ab-havasına xüsusi səmimiyyət bəxş etdi.

Sonda məzunlar xatirə şəkilləri çəkdirərək bu əlamətdar günü yaddaşlarına həkk etdilər. Məzun Günü tədbiri xoş təəssüratlar və unudulmaz anlarla başa çatdı.

Şuşa Humanitar Kollecinin kollektivi bütün məzunları bir daha təbrik edir, onlara gələcək təhsil və əmək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və parlaq gələcək arzulayır.

Menyu