Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / ŞUŞA HUMANİTAR KOLLECİNİN YENİLƏNƏN VƏ TAM ELEKTRONLAŞDIRILAN KİTABXANASI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinin metodiki dəstəyi ilə Şuşa Humanitar Kollecinin kitabxana fondunun elektron kataloqu hazırlanaraq istifadəyə verilib. Bu layihə kitabxana xidmətlərinin müasirləşdirilməsi, informasiya resurslarının rəqəmsallaşdırılması və tədris prosesinin informasiya təminatının gücləndirilməsi istiqamətində mühüm addımdır.

Layihə çərçivəsində kitabxana fondunun elektron kataloqu yaradılıb, biblioqrafik məlumatlar elektron məlumat bazasına daxil edilib və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin (AKİS) tətbiqi təmin olunub. Elektron kataloq tələbə və müəllimlərə kitabxana fondunda mövcud olan dərslikləri, dərs vəsaitlərini, metodik vəsaitləri, bədii ədəbiyyatı və digər nəşrləri müəllif, sərlövhə, mövzu, açar söz və digər axtarış meyarları üzrə operativ şəkildə müəyyənləşdirmək imkanı yaradır.

Layihənin uğurla həyata keçirilməsi məqsədilə Şuşa Humanitar Kollecinin kitabxana müdiri Qönçə Məlikova ADMİU-nun Kitabxana-informasiya mərkəzində bir ay müddətində peşəkar təlim keçib. Təlim zamanı elektron kataloqlaşdırma, biblioqrafik təsvirin hazırlanması və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin tətbiqi üzrə nəzəri və praktiki biliklərə yiyələnib.

Yeni elektron kataloq kitabxana fondunun daha səmərəli idarə olunmasına və oxuculara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, sistem tədris prosesində müasir informasiya texnologiyalarının tətbiqini genişləndirərək tələbə və müəllimlərin informasiya təminatını daha da gücləndirir.

Şuşa Humanitar Kollecində həyata keçirilən bu layihə kitabxana-informasiya xidmətlərinin rəqəmsallaşdırılması təhsil müəssisəsində müasir kitabxana mühitinin formalaşdırılmasına və informasiya resurslarından səmərəli istifadənin təmin edilməsinə əhəmiyyətli töhfə verir

Menyu